Martın 3-ü Ümumdünya Vəhşi Təbiət Günüdür
03 Mart 2024, 09:30
Ümumdünya Vəhşi Təbiət Günü 2013-cü il dekabrın 20-də BMT Baş Assambleyasının qərarı ilə ictimaiyyətin vəhşi təbiətə dair məlumatlandırma səviyyəsini yüksəltmək məqsədilə təsis edilib.
Hər il müxtəlif adlar altında qeyd olunan Ümumdünya Vəhşi Təbiət Gününün bu ilki mövzusu insanları və planeti birləşdirir: Vəhşi təbiətin mühafizəsində rəqəmsal innovasiyaların araşdırılması.
İnsanlar ehtiyaclarını ödəmək üçün vəhşi təbiətə və biomüxtəlifliyə əsaslanan resurslara güvənirlər - qidadan tutmuş yanacağa, dərmanlara, mənzilə və geyimə qədər. Təbiətin bizə və planetimizə bəxş etdiyi fayda və gözəlliklərdən yararlanmaq üçün ekosistemlərin davamlı inkişafı, gələcək nəsillər üçün bitki və heyvan növlərinin mövcud olması naminə birlikdə çalışmaq lazımdır. Bu ilin mövzusu rəqəmsal innovasiyaların araşdırılması və rəqəmsal mühafizə texnologiyaları və xidmətlərinin vəhşi təbiətin mühafizəsi, insan və təbiətin birgə mövcudluğunu indi və gələcək nəsillər üçün necə idarə oluna biləcəyi yollarını axtarmaq, həll yolları tapmaqdır.