Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilib
02 Mart 2024, 14:35
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin nümayəndələrinin və ekokönüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyaya “Cığır” İB tərəfindən şəhid ailələri və aztəminatlı ailələrin üzvləri olan uşaqlar cəlb edilməklə Eldar şamı və zeytun ağacları əkilib, həmçinin balacalara ətraf mühitin qorunmasının vacibliyini aşılayan kitablar hədiyyə olunub.
Eyni zamanda, bu gün Dövlət Gömrük Komitəsinin əməkdaşları da ağac əkərək təbiətə töhfə veriblər, Müşfiqabad qəsəbəsinin 2 hektar ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun ağaclar əkilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, vətəndaşları ağac əkməyə təşviq etməklə təbiətə töhfə verməkdir.