"Mülki Müdafiə sahəsində innovativ texnologiyalar" mövzusunda tədbir keçirilib
02 Mart 2024, 13:25
Milli Hidrometeorologiya Xidmətində 1 mart - Ümumdünya Mülki Müdafiə günü çərçivəsində "Mülki Müdafiə sahəsində innovativ texnologiyalar" mövzusunda maarifləndirmə tədbiri təşkil olunub.
Nərimanov rayon Fövqəladə hallar və mülki müdafiə şöbəsinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Mülki Müdafiə Gününün mahiyyəti, qeyd olunma tarixi və əhəmiyyəti, eyni zamanda baş verə biləcək yanğın hallarında və digər qəzalarda görüləcək müdafiə tədbirləri barədə ətraflı məlumat verilib.
Daha sonra kimyəvi zəhərlənmə hallarında qaz maskalarından düzgün istifadə, zəlzələ baş verdikdən sonra xilasetmə təbrilərinin həyata keçirilməsi, dəm qazından boğulma hallarında ilkin tibbi yardımın göstərilməsi və s. mövzularda da çıxışlar maraqla dinlənilib.
Tədbir çərçivəsində Xidmətin əməkdaşlarına mülki müdafiə ləvazimatlarının iş prinsiplərinin nümayişi və təbliği məqsədilə mülki müdafiə vasitələrinin, əyani vəsaitlərin sərgisı də təşkil olunub, mülki müdafiə sahəsində innovativ texnologiyalar barədə ətraflı məlumat verilib.