İlin ilk “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib
28 Fevral 2024, 10:55
Məişət tullantılarının təkrar emala yönləndirilməsi, ölkə ərazisində yaşıllıqların sayının artırılmasına töhfə vermək məqsədilə keçirilən “Tullantıları tinglərə dəyiş” aksiyasına bu il Su çərşənbəsində start verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi 4 ünvanında yerləşən “Bravo” hipermarketin qarşısında keçirilən aksiya zamanı vətəndaşlar tərəfindən ümumi tutumu 195 litr olan plastik, 243 litr olan şüşə tullantı və 135 ədəd işlənmiş batareya təhvil verilib.
Vətəndaşları ağac əkməyə təşviq etmək məqsədilə aksiya iştirakçılarına tullantılar qarşılığında Nazirliyin tinglik sahələrində yetişdirilən 150 ədəd ağac tingi paylanılıb, eyni zamanda uşaqlara ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirici kitablar hədiyyə olunub.
Hər kəsi aksiyalarda fəal iştirak etməyə, təbiətə fayda verəcək belə aksiyalardan yararlanmağa çağırırıq.