Su çərşənbəsində ağac əkməklə təbiətə töhfə verildi
27 Fevral 2024, 12:50
Baharın müjdəçisi olan Su çərşənbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və ekokönüllülər Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ilə birgə ağac əkərək Novruzun ilk əlamətdar günündə təbiətimizə töhfə verib.
Baharın yaxınlaşmasının ilk əlamətlərini bildirən Su çərşənbəsi günündə Müşfiqabad qəsəbəsinin ümumilikdə 1 hektar ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun ağaclar əkilərək “Yaşıl dünya naminə həmrəylik ili”ndə yaşıllaşdırma ənənəsi bir daha davam etdirilib.
Hər il Novruz bayramının xüsusi günlərindən olan çərşənbələrdə ağacəkmə aksiyalarının keçirilməsi ölkəmizdə artıq ənənə halını alıb və bu ənənəyə artıq bütün ictimaiyyət nümayəndələri, dövlət və özəl təşkilatlar, könüllülər böyük həvəslə qoşulur və ağacəkmə tədbirlərində yaxından iştirak edir.