Xəbərlər

“Xəzər: ətraf mühit üçün texnologiyalar” mövzusunda beşinci yubiley Beynəlxalq Ətraf Mühit Sərgisinə baxış keçirilib

19 Noyabr 2014, 00:00

Böyük Britaniyanın “ITE Group plc” şirkəti və onun Qafqazdakı tərəfdaşı “Iteca Caspian” şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) Kampaniyasının dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən “Xəzər: ətraf mühit üçün texnologiyalar” mövzusunda
beşinci yubiley Beynəlxalq Ətraf Mühit Sərgisinə (“CTE-2014”) 19 noyabr 2014-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov baxış keçirib.
Azərbaycan, Çexiya, Almaniya, İtaliya, Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, İsveç və digər ölkələrdən 77 şirkətin iştirak etdiyi sərgidə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan rasional istifadə sahəsində innovasiya layihələri kompleks şəkildə təqdim olunur, eyni zamanda alternativ enerji mənbələri üçün, eləcə də suyun təmizlənməsi üzrə ən müasir avadanlıq nümunələri nümayiş etdirilir.
Təbii sərvətlərin qorunub saxlanılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradacaq təbiəti mühafizə üzrə innovasiyalı avadanlıq və texnologiyaların Azərbaycanda təşviqi və tətbiqi məqsədi daşıyan sərgidə şirkət və dövlət strukturları ilə yanaşı, Azərbaycan ərazisində ekologiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da öz stendləri ilə çıxış edir.
Xatırladaq ki, “Xəzər: ətraf mühit üçün texnologiyalar” mövzusunda beşinci yubiley Beynəlxalq Ətraf Mühit Sərgisi 21 noyabr 2014-cü il tarixinədək davam edəcək.