Xəbərlər

Qanunsuz ov edən şəxslər saxlanılıb

19 Noyabr 2014, 00:00

“Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Sərvətlər və Daxili İşlər Nazirliklərinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən 17-18 noyabr 2014-cü il tarixlərində növbəti reydlər keçirilib.
Reyd zamanı Füzuli rayonunun Qarabağ kəndi ərazisində, Harami düzündə ov edən Füzuli rayonu Əhmədbəyli kənd sakini Arif Əliyev və Yuxarı Dilağarda kənd sakini Elnur Zülfüqarov saxlanılıb. Onlardan 2 ov tüfəngi, 4 patron götürülərək qanun pozucuları barəsində akt və protokol tərtib olunub və hər biri 1000 manat məbləğində cərimə edilib.
Balakən rayonu İsaqlıgirmə kəndi ərazisində ovla məşğul olan kənd sakini Qurban Salamanov saxlanılaraq ondan 1 ov tüfəngi, 2 patron götürülüb. Qanun pozucusu barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.
Türyançay Dövlət Təbiət Qoruğunun ərazisində keçirilmiş reyd zamanı ov edən Ağdaş rayonu Ərəbocaq kənd sakini Mayıl Məmmədov saxlanılıb. Ondan 1 ov tüfəngi, 4 patron götürülərək barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib olunub və qanun pozucusu 1000 manat məbləğində cərimə edilib.
Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində keçirilmiş reyd zamanı ovla məşğul olan Masallı rayon Qızılavar kənd sakini İntiqam Fətullayev saxlanılıb. Ondan 1 ov tüfəngi, 14 patron və adı “Azərbaycan Respublikasının Qırmızı Kitab”ına düşmüş 2 turac quşu aktlaşdırılaraq götürülüb. Təbiətə 1980 manat məbləğində ziyan dəydiyi müəyyən edilərək vətəndaşın əməlində cinayət tərkibi olduğu üçün sənədlər aidiyyəti üzrə hüquq -mühafizə orqanına göndərilib.
Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.