"Fotoqrafların qış turu" layihəsi davam edir
22 Fevral 2024, 14:10
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin təşkilatçılığı, Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə təşkil olunan "Fotoqrafların qış turu" layihəsi çərçivəsində bugünədək Abşeron, Ağgöl, Altıağac və Qızılağac milli parklarında çəkilişlər həyata keçirilib.
Layihə çərçivəsində fotoqraflar milli parkların vəhşi təbiətini, orada məskunlaşmış köçəri quşları, ecazkar təbiət görüntülərini əks etdirən foto və videoları lentə alıblar.
Xatırladaq ki, Ümumdünya Milli Parklar və Qoruqlar günü ilə əlaqədar start verilən layihənin məqsədi peşəkar və həvəskar fotoqrafları öz sıralarında birləşdirən Azərbaycan Fotoqraflar Birliyinin üzvləri tərəfindən ölkəmizin füsunkar təbiətinin qış mənzərələrini lentə almaq və "Yaşıl dünya naminə həmrəylik ili”ndə ölkəmizin qorunan təbiət potensialını foto və video görüntülərlə nümayiş etdirməkdir.
Qeyd edək ki, fotoqrafların səfərləri digər milli parklar və qoruqlarda da davam edəcək.