Xəbərlər

2 fevral - Ümumdünya Su-Bataqlıq Əraziləri Günü Abşeron, Qızılağac və Şirvan milli parklarında müxtəlif tədbirlərlə qeyd edilib.

03 Fevral 2024, 12:05

 
Abşeron Milli Parkında keçirilən nəzəri-praktik məşğələ zamanı ötən il ərzində aparılan müşahidələrin, keçirilən monitorinqlərin nəticələri təhlil edilib. Qeyd edilib ki, bu il yanvar ayının ortalarında keçirilmiş sayğının nəticələrinə görə, Abşeron Milli Parkının sahildən uzaq ərazilərində təxminən 98 mindən artıq ornitofauna nümunəsi sayılıb.

Şirvan Milli Parkında Salyan rayonu Yenikənd kənd Salman Cəfərov adına tam orta məktəbin şagirdlərinə su-bataqlıq ərazilərinin əhəmiyyəti, ölkəmizdə mövcud olan su-bataqlıq quşları, əsasən də “Qırmızı Kitab”a salınmış nadir və nəsli kəsilməkdə olan növlər haqqında məlumat verilib. Daha sonra uşaqlar köçəri quşların miqrasiya marşrutu üzərində yerləşən Qızılqaz gölünə səfər edərək milli parkın su-bataqlıq ərazilərindəki quşları müşahidə ediblər.

Qızılağac Milli Parkında isə Nərimanabad kənd tam orta məktəbin şagird və müəllimlərinin iştirakı ilə tədbir keçirilib. Onlara su-bataqlıq əraziləri haqqında Ramsar Konvensiyası, Konvensiyanın siyahısına daxil edilmiş Qızılağac milli parkı haqqında ətraflı məlumat verilib. Tədbir çərçivəsində iştirakçılar üçün qayıqla gəzinti təşkil edilib, ziyarətçilər körfəz ərazisində quş koloniyalarını müşahidə ediblər.