Xəbərlər

BMT-nin İnkişaf Proqramının nümayəndə heyətiylə görüş keçirilib

02 Fevral 2024, 14:30

Milli Hidrometeorologiya Xidmətində BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Allessandro Rokkasalvonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Situasiya Mərkəzində baş tutan görüşdə qonaqlara Mərkəzin fəaliyyətinin əsas prioritet istiqamətləri, müasir hidrometeoroloji cihazlar, dopler-radar sistemi, xüsusilə “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramı” çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda quraşdırılmış hidrometeoroloji müşahidə şəbəkəsi barədə ətraflı məlumat verilib.

Eyni zamanda, tədbirdə erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi, iqlim məlumatlarının mübadiləsinin təkmilləşdirilməsi ilə bağlı potensial layihələr ətrafında fikir mübadiləsi aparılıb, hava proqnozları və hidrometeoroloji xidmət növlərinin müxtəlif sahələr üçün əhəmiyyəti vurğulanıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.