Dünya Ekoloji Təhsil Günü ilə əlaqədar növbəti tədbir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil olunub
27 Yanvar 2024, 13:15
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə 26 yanvar - Dünya Ekoloji Təhsil Gününə həsr olunmuş “Bioloji müxtəlifliyin qorunması” mövzusunda təlim təşkil olunub.
Təlim dövlət başçısının müvafiq Sərəncamı ilə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar həssas qruplara aid şəxslərin ekoloji maarifləndirilməsi, onların diqqətinin ətraf mühitin mühafizəsi işinə yönəldilməsi məqsədi daşıyıb və tədbirə Mərkəzin 8-22 yaş arası benefisiarları cəlb edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin mütəxəssisləri Azərbaycan faunası və xüsusi mühafizə olunan təbiət əraziləri barədə təlim iştirakçılarına məlumat verib. Yer kürəsində, həmçinin ölkəmizdə təbii şəraitin müxtəlifliyini, canlılar aləminin rəngarəngliyini əks etdirən videoçarxlar nümayiş olunub.
Sonda Mərkəzin kitabxanasına və iştirakçılara mövzu ilə bağlı maarifləndirici kitablar, həmçinin ekoçantalar hədiyyə edilib.