11 yanvar Dünya Qoruqlar və Milli Parklar Günü ilə əlaqədar Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin təşkilatçılığı, Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə "Fotoqrafların qış turu" layihəsinə start verilir.
10 Yanvar 2024, 13:05
Abşeron Milli Parkından başlanan ilk səfər fevral ayının sonunadək digər milli parklar və qoruqlarda davam edəcək.
Layihə çərçivəsində, peşəkar və həvəskar fotoqrafları öz sıralarında birləşdirən Azərbaycan Fotoqraflar Birliyinin üzvləri ölkəmizin füsunkar təbiətinin qış mənzələrini lentə alacaq, "Yaşıl dünya naminə həmrəylik" ilində ölkəmizin qorunan təbiət potensialını foto və video görüntülərlə nümayiş etdirəcəklər.
Qeyd edək ki, Azərbaycanda 10 milli park və 10 dövlət təbiət qoruğu mövcuddur və bu ərazilər meşə, dağ, dəniz və digər təbii ekosistemləri əhatə edir.
Milli parklar və qoruqlar xüsusi mühafizə edilən təbiət əraziləri olmaqla, ölkəmizdə ətraf mühitin, bioloji müxtəlifliyin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində Azərbaycanın beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin yerinə yetirilməsində xüsusi əhəmiyyət kəsb edir.