Xəbərlər

Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə tibbi tullantıların düzgün idarə olunmasına dair tibb işçiləri üçün maarifləndirici tədbir keçirilib

29 Dekabr 2023, 16:55

Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə tibbi tullantıların düzgün idarə olunmasına dair Bakı Sağlamlıq Mərkəzində tibb işçiləri üçün maarifləndirici tədbir keçirilib.

Tədbirdə tibbi tullantıların düzgün idarə olunması, o cümlədən çeşidlənməsi, müvəqqəti saxlanması, uçotunun aparılması məsələləri müzakirə olunub. Daha sonra tibb müəssisəsində təhlükəli tibbi tullantıların idarə olunması, o cümlədən çeşidlənməsi və müvəqqəti saxlanması yerlərinə baxış keçirilib.

Tədbirin davamı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “Tullantıların İdarəedilməsi Mərkəzi” MMC-də təhlükəli tibbi tullantıların zərərsizləşdirilməsi prosesi izlənilib.

Mərkəzdə təhlükəli tullantıların zərərsizləşdirilməsi geomembran və geotekstil materiallarla tam izolyasiya olunmuş hücrələrdə basdırma üsulu ilə həyata keçirilir. Partlayıcı və radioaktiv maddələr istisna olmaqla qazma şlamı, çirklənmiş torpaqlar, istifadə müddəti bitmiş qida məhsulları, tibbi tullantılar və digər bu tipli tullantılar qəbul edilərək zərərsizləşdirilir.

Qeyd edək ki, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən tibbi tullantıların idarə edilməsi sahəsində koordinasiyalı fəaliyyətin təmin edilməsi məqsədilə işçi qrup yaradılıb. İşçi qrupun üzvləri tərəfindən tibbi tullantıların idarə olunması vəziyyətinin öyrənilməsi məqsədilə Bakı şəhəri və regionlarda monitorinqlər keçirilir, bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi və tibb müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tibbi tullantıların uçotunun yaxşılaşdırıması və elektronlaşdırılması istiqamətində işlər görülür.