Meteorologiya sahəsində erkən xəbərdarlıq sisteminin yaradılması istiqamətində qabaqcıl Türkiyə təcrübəsi öyrənilib
27 Dekabr 2023, 17:40
Türkiyə Respublikasının meteorologiya xidməti ilə əməkdaşlığın inkişaf etdirilməsi, qeyd olunan sahədə təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşı Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində səfərdə olub.
Səfər çərçivəsində Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Ətraf Mühit, Urbanizasiya və İqlim Dəyişikliyi Nazirliyinin Meteorologiya baş idarəsində, İqlim dəyişmələri idarəsində və Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Fəlakət və fövqəladə halların idarə edilməsi idarəsində görüşlər keçirib, hava proqnozlarının və erkən xəbərdarlıqların çatdırılması, həmçinin meteoroloji müşahidə sistemlərinin istifadəsi sahəsində müzakirələr aparıb. Azərbaycan Respublikasında meteorologiya sahəsində erkən xəbərdarlıq sisteminin yaradılması istiqamətində qabaqcıl Türkiyə təcrübəsi öyrənilib, əməkdaşlıq üçün prioritet olan sahələr müəyyən edilib.
Eyni zamanda, Türkiyənin İqlim dəyişmələri idarəsində qlobal iqlim dəyişmələri ilə mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi və Azərbaycanda təşkil ediləcək İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı fəaliyyətlər müzakirə edilib.
Türkiyəli həmkarlar keçirilmiş görüşləri müsbət qiymətləndirib və COP29-a hazırlıq prosesində azərbaycanlı həmkarlarla əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.