Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin 100 ilik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində təbiətimizə növbəti töhfə: ağac əkilib, su hövzəsinə balıq buraxılıb

17 Dekabr 2023, 14:55

 
Gəncə şəhər Heydər Əliyev Mərkəzində Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşəbbüsü, Gəncə Dövlət Universiteti və UNEC-in təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfrans proqramı çərçivəsində ölkəmizdə yaşıllıq sahələrinin genişləndirilməsinə və su bioresurslarının populyasiyasının artırılmasına dəstək məqsədilə növbəti ənənəvi aksiyalar təşkil olunub.

Milli Məclisin komitə sədrləri və deputatlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin, elmi təşkilat və təhsil müəssisələrində çalışan alim və pedaqoqların, Gəncə şəhər və Göygöl rayon icra hakimiyyətləri rəsmilərinin iştirakı ilə, Göygöl rayonu ərazisində yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan ağacəkmə aksiyası keçirilib, bölgənin torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli ağaclar əkilib, Göygöl Milli Parkının ərazisində isə su hövzəsinə qızıl xallı farel balığı növünə aid 1500-dən çox balıq körpəsi buraxılıb.