Azərbaycanda yerli və qlobal səviyyələrdə iqlim dəyişikiyi ilə mübarizə fəaliyyətlərində iştirak edəcək Gənc İqlim Elçiləri təyin edilib
29 Noyabr 2023, 12:50
Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilmiş rəsmi mərasimdə Azərbaycanın ilk 19 iqlim fəalına və könüllüsünə “Gənc İqlim Elçisi” sertifikatları təltif edilib.
Mərhələli seçim prosesindən keçmiş və iqlim dəyişikliyi və ətraf mühitin qorunması üzrə təlim proqramında iştirak etmiş bu gənclər iqlim gündəliyini yerli və qlobal səviyyədə təbliğ etməyə hazırlaşırlar.
Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirlikləri və UNICEF-in birgə əməkdaşlığı ilə həyata keçirilən “Gənc İqlim Elçiləri” proqramının məqsədi Azərbaycan gənclərinin iqlim dəyişikliyi barədə məlumatlılığının artırılması və mübarizə proseslərinə cəlb edilməsidir.
Proqram yerli icmalardan tutmuş qlobal iqlim müzakirələrinə qədər gəncləri müxtəlif səviyyələrdə səslərini eşitdirməyə və həll yolları təklif etməyə təşviq edir. Belə ki, gənc iqlim elçilərindən ikisi 30 noyabr - 12 dekabr 2023-cü il tarixlərində Dubayda keçiriləcək 28-ci Tərəflər Konfransında Azərbaycanın rəsmi nümayəndə heyətinin tərkibində iştirak edəcək.
Layihə çərçivəsində milli platformalar üzərindən Gənc İqlim Elçilərinin də dəstəyi ilə maarifləndirmə tədbirlərinin keçirilməsi məqsədilə tədris vəsaitləri hazırlanmışdır.
Bir sıra təlim sessiyaları və seminarlardan sonra, iqlim elçiləri ölkənin müxtəlif şəhər və kənd ərazilərinə səfər edərək, digər yeniyetmələri və gəncləri iqlim tədbirləri haqqında maarifləndirəcək.