Tarixi areallarına buraxılmış ceyranlarda təbii artım müşahidə olunur
03 Noyabr 2014, 00:00
“Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi regionda davamlı ceyran populyasiyasının formalaşmasına müsbət təsir göstərməkdədir”
Nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması,
onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması sahəsində aparılan işlər sırasında ceyran növünün tarixən məskunlaşdıqları ərazilərə köçürülməsi layihəsinin icrası davam etdirilir.
Qeyd edək ki, 2010-cu ildən icrasına başlanılmış “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Heydər Əliyev Fondu, İDEA Kampaniyası və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun dəstəyi ilə həyata keçirilməkdədir. Bu layihə çərçivəsində artıq 2010-2014-cü illər ərzində 150 baş ceyran tarixən məskunlaşdıqları ərazilərə buraxılmışdır. Belə ki, Qobustan-Cəngiçay, Acınohur düzü, Ağgöl Milli Parkı, Korçay Dövlət Təbiət Qoruğu və Gürcüstan Respublikasının Azərbaycanla sərhəd ərazilərində ceyranların yerləşdirilməsi tədbirləri həyata keçirilmiş, onlardan bir neçə erkək fərdin boynuna siqnalötürücü xaltalar bağlanılmış və peyk vasitəsilə izlənilir.
Qobustan-Cəngiçay vadisinə buraxılmış və boynuna siqnalötürücü xalta salınan ceyranlardan daxil olan siqnallar izlənərkən ceyran fərdlərindən birinin hərəkətsizliyi müşahidə olunmuş və əraziyə baxış zamanı həmin ceyranın canavarlar tərəfindən məhv edildiyi, yerində xalta ilə skeletin qaldığı müəyyən edilmişdir (şəkil 1).
Qeyd edək ki, ceyranların tarixi arealı hesab olunan Qobustan-Cəngiçay ərazisində Dövlət Təbiət Yasaqlığının yaradılması mütəxəssislər tərəfindən məqsədəmüvafiq sayılmış, bununla bağlı Nazirlik tərəfindən torpaqayırma sənədlərinin hazırlanması üçün lazımi işlər görülərək aidiyyəti qurumlar qarşısında dəfələrlə məsələ qaldırılmışdır. Ərazidə yasaqlıq yaradılması ilə bağlı torpaq istifadəçiləri ilə ilkin razılaşma əldə edilməsinə baxmayaraq, müvafiq qurumlar tərəfindən bu ərazilərin qış otlaq sahələri kimi istifadə olunduğu əsas gətirilərək yasaqlığın yaradılması məqbul hesab edilməmişdir. Halbuki, qanunvericiliyə əsasən əraziyə yasaqlıq statusunun verilməsi torpaq üzərində mülkiyyət hüququnu dəyişmir və yalnız bu ərazilərdə ceyranların mühafizəsi tədbirlərinin həyata keçirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur.
Bununla belə, ceyranların mühafizəsi məqsədilə sözügedən ərazilərin torpaq istifadəçilərindən, yerli icma nümayəndələrindən, fermerlərdən, xüsusən çobanlardan ceyranların mühafizəsi və təhlükəsizliyinin təminatı üçün məsuliyyət daşımaları barədə müvafiq iltizamlar alınmış, brokonyerliyin qarşısının alınması üçün müvafiq ictimai qruplar təşkil edilmiş, maarifləndirici və qadağanedici lövhələr, yol işarələri hazırlanaraq reintroduksiya ərazilərində yerləşdirilmişdir.
Aparılan müşahidələr göstərir ki, Gürcüstan Respublikasına buraxılmış ceyranların bir hissəsi isə atrıq ölkəmizin Gürcüstanla sərhəddində yerləşən Ceyrançöl adlanan əraziyə doğru miqrasiya etmişdir. Bu məlumatlar da siqnalötürücü xalta daşıyan ceyran fərdlərindən gələn siqnallardan alınmışdır.
Araşdırmaların nəticələrinə görə, sözügedən ərazilərdə məskunlaşma prosesi keçən ceyranların erkək fərdləri mütəmadi olaraq yaşayış üçün uyğun hesab etdikləri areallara miqrasiya edir, özləri ilə dişi ceyran sürülərinin də həmin ərazilərə miqrasiyasına şərait yaradır.
Hazırda içərisində boynuna siqnalötürücü xalta bağlanmış ceyran fərdləri olan 5 sürünün hər birindən
( Korçayda 1sürü, Acınohurda 2 sürü, Gürcüstanda 2 sürü) siqnallar alınır və tarixi ərazilərinə qaytarılmış bütün ceyran sürülərində təbii artım müşahidə olunur (şəkil 2).
Qeyd edək ki, bu tədbirlər ölkə ərazisində və bütünlüklə regionda davamlı ceyran populyasiyasının formalaşmasına və artımına təkan vermişdir.
Şəkil 1.
Şəkil 2.