Xəbərlər

Avropa İqtisadi Komissiyasının ekspertləri Milli Hidrometeorologiya Xidmətinin əməkdaşlarına seminar keçiblər

21 Noyabr 2023, 15:20

Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası tərəfindən “Böyük məsafələrdə transsərhəd hava çirklənməsi” Konvensiyası çərçivəsində Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları üçün ölkə üzrə atmosferə atılan emissiyaların hesablanması mövzusunda seminar keçirilib.

Seminarda çıxış edən Avropa İqtisadi Komissiyasının ətraf mühit məsələləri üzrə eksperti Ketevan Kordzakhia və beynəlxalq ekspert Natalja Kohv atmosferə atılan emissiyaların hesablanması üzrə yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılmasının önəmini vurğulayıblar.

Seminar çərçivəsində ekspertlər tərəfindən atmosfer havasına atılan emissiyaların hesablanması üzrə ən son metodologiya yerli mütəxəssislərə təqdim olunub, çirkləndirici mənbələr üzrə statistik məlumatların əldə olunması və kateqoriyalar üzrə hesablamaların aparılması qaydaları ilə bağlı praktiki iş aparılıb.

Qeyd edək ki, seminardan əldə olunan təcrübələr ölkəmizin “Böyük məsafələrdə transsərhəd hava çirklənməsi” Konvensiyası qarşısında öhdəliklərinin yerinə yetirilməsinə və atmosferə atılan emissiyaların azaldılmasına öz töhfəsini verəcəkdir.