Xəbərlər

8 noyabr - Zəfər Günü ölkə ərazisində ağacəkmə aksiyaları ilə qeyd olunub

08 Noyabr 2023, 13:32

Vətən müharibəsində qazanılmış şanlı Qələbənin üçüncü ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivinin, Vətən müharibəsində iştirak edən Nazirlik əməkdaşlarının iştirakı ilə ölkə ərazisində genişmiqyaslı ağacəkmə aksiyaları təşkil olunub.

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə aksiyalarda şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Nazirlik əməkdaşlarının və hərbçilərin iştirakı ilə Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyasında Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 3000-dən çox Eldar şamı və zeytun ağacı əkilib.

Zəfər bayramına töhfə vermək məqsədilə keçirilən ağacəkmə aksiyaları bölgələrdə də davam edib və ölkə üzrə hər regionun relyef və iqlim şəraitinə uyğun ümumilikdə 60 mindən artıq ağac əkilib.