Xəbərlər

Bakıda Xəzəryanı ölkələri təmsil edən ekspertlərin görüşü başa çatıb

04 Noyabr 2023, 12:35

Xəzər dənizinin səviyyəsinin dəyişməsinin səbəblərinin öyrənilməsi, səviyyə ssenariləri və uyğunlaşma tədbirlərinin hazırlanması üzrə Xəzəryanı ölkələri təmsil edən ekspertlərin iclası yekunlaşıb.

2-3 noyabr tarixlərində BMT-nin İnkişaf Proqramının dəstəyi ilə keçirilən tədbirdə Xəzəryanı ölkələrin ətraf mühit nazirlikləri, hidrometeorologiya xidmətləri və digər aidiyyəti qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və beynəlxalq ekspertlər, ümumilikdə 50-dən artıq mütəxəssis iştirak edib.

Görüşdə Xəzər dənizinin səviyyəsinə təsir edən amillər, dəniz səviyyəsinin dəyişməsinin yaratdığı problemlər və vəziyyətdən çıxış yolları ətrafında fikir mübadiləsi aparılıb.

İclas iştirakçıları Xəzər dənizinin səviyyəsinə təsir edən hidrometeoroloji və digər elementlərin, proseslərin monitorinqi, qiymətləndirilməsi, iqlim və dəniz səviyyəsi ssenarilərinin birgə işlənməsi, həmçinin bütün hövzə üçün uyğunlaşma tədbirlərinin həyata keçirilməsi sahəsində İş Planının hazırlanması barədə razılığa gəlib.

Xəzər dənizində baş verən səviyyə ssenarilərinə cavab olaraq uyğunlaşma tədbirlərinin həyata keçirilməsi, qaldırılan məsələlərin koordinasiyalı həlli üçün ekspert görüşlərinin bir platformaya çevrilməsi iştirakçılar tərəfindən qəbul olunub.