Xəbərlər

Azərbaycan iqlim dəyişmələrinə təsirlərin yumşaldılması üzrə beynəlxalq səylərdə iştirak edir

24 Oktyabr 2023, 17:30

İqlim dəyişmələri bəşəriyyəti narahat edən qlobal problemlərdən biridir. Əhalinin sayının artması, iqtisadiyyatın inkişafı və digər amillər atmosferə atılan istixana effekti yaradan qazların artmasına gətirir ki, bu da öz növbəsində iqlimin istiləşməsini sürətləndirir və bütün ekosistemlərə mənfi təsirlə nəticələnir. Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib.

“Dünyada qasırğaların, sel və daşqın hadisələrinin sayı artıb. İqlim dəyişmələri nəticəsində baş verən təbii fəlakətlər böyük dağıntılara və iqtisadi itkilərə səbəb olur”.

Nazir müşavirinin sözlərinə görə, qlobal emissiyalarda payının cəmi 0,15% olmasına baxmayaraq, Azərbaycan qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərdə aktiv iştirak edir. İqlim dəyişmələri ilə bağlı problemin aktuallığı nəzərə alınaraq Ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1997-ci ildə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyası yaradılmışdı.

“İqlim dəyişmələri siyasəti Azərbaycan Respublikasının bir sıra mühüm inkişaf prioritetləri və strategiyalarında əks olunub. Ölkə başçısı İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində öz əksini tapmış hədəflər də iqlim dəyişmələri sahəsində beynəlxalq təşəbbüslərlə tam uzlaşır və beynəlxalq öhdəliklərimizin yerinə yetirilməsi və hədəflərimizə nail olunmasına bilavasitə töhfə verəcəkdir.

Xüsusilə qeyd edilməlidir ki, işğaldan azad edilmiş ərazilərimizdə “ağıllı şəhər” və “ağıllı kənd” yanaşmalarının, o cümlədən təmiz texnologiyaların tətbiqi və “yaşıl enerji zonası”nın yaradılması iqlim dəyişmələrinə təsirlərin azaldılması üçün yeni imkanlar yaradır”.