Xəbərlər

“Odun tədarükü nədənsə ağacların qanunsuz kəsilməsi kimi təqdim edilir”

19 Oktyabr 2023, 10:00

Qazlaşdırılmayan kəndlərin əhalisinin, həmçinin Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinin, təhsil, səhiyyə müəssisələrinin oduna olan tələbatını ödəmək məqsədilə hazırda ölkə üzrə meşə ərazilərinin xüsusi ayrılmış sahələrində oduncaq tədarükü işləri aparılır və təkcə ötən həftə ərzində 3901 m3 oduncaq tədarük olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, aparılan mövsümi tədarük prosesi təəssüf ki, nədənsə ayrı-ayrı şəxslər tərəfindən meşə sahələrində ağacların qanunsuz kəsilməsi kimi təqdim edilir və nəticədə cəmiyyətdə çaşqınlıq yaranır.

"Xahiş edirəm, hər il bu mövsümdə qışa hazırlıq üçün meşələrdə oduncaq tədarük olunduğunu anlayışla qarşılayasınız və bunu qanunsuz ağac kəsintisi kimi qələmə verib qeyri-obyektiv rəy yaratmayasınız. Xüsusi olaraq vurğulayıram ki, hər il bu mövsümdə qazlaşdırılmayan kəndlərin əhalisinin, hərbi hissələrin, təhsil, səhiyyə müəssisələrinin oduncağa olan tələbatı yerinə yetirilir”.

Mətbuat katibinin sözlərinə görə, tədarükə başlamamışdan əvvəl şəffaflığın təmin olunması, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə respublikanın bütün rayonlarında may ayından etibarən QHT nümayəndələrinin, rayon sakinlərinin və ictimai fəalların iştirakı ilə ictimai dinləmələr keçirilir, oduncağın tədarük ediləcəyi meşə əraziləri barədə Nazirliyin rəsmi sosial şəbəkə hesablarında əvvəlcədən ictimaiyyətə məlumat verilir.

Nazirliyin sözçüsü ötən həftə ərzində ayrı-ayrı bölgələrdə tədarük olunan oduncağın həcmi barədə də məlumat verib:

"Cənub bölgəsində Lerik rayonu üzrə 45 m3, Astara rayonu üzrə 42 m3, şimal bölgəsində Quba rayonu üzrə 900 m3, Qusar rayonu üzrə 500 m3, Xaçmaz rayonu üzrə 294 m3, Şabran rayonu üzrə 55 m3 oduncaq tədarük edilib.

Eyni zamanda, Tovuz rayonu üzrə 19 m3, Göygöl rayonu üzrə 81 m3, Goranboy rayonu üzrə 90 m3, Gədəbəy rayonu üzrə 80 m3, Daşkəsən rayonu üzrə 80 m3, Samux rayonu üzrə 30 m3, Şəmkir rayonu üzrə 20 m3, Şəki rayonu üzrə 121 m3, Qax rayonu üzrə 200 m3, Zaqatala rayonu üzrə 400 m3, Balakən rayonu üzrə 276 m3, Qəbələ rayonu üzrə 250 m3, Oğuz rayonu üzrə 141 m3, İsmayıllı rayonu üzrə 202 m3, Ağsu rayonu üzrə 75 m3 oduncaq tədarük olunub”.