Xəbərlər

Faktiki hava

09 Oktyabr 2023, 09:10

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 9-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, cənub-qərb küləyi əsib, bəzi yerlərdə arabir güclənib.

Küləyin maksimal sürəti arabir Daşkəsəndə 23, Mingəçevirdə 20, Qobustanda 19, Gədəbəydə 16, Bakıda və Abşeron yarımadasında isə 22 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Havanın temperaturu oktyabrın 8-də Bakıda iqlim normasından 4 dərəcə yuxarı olub. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da, Aran rayonlarında 28 dərəcəyədək, dağlıq rayonlarda 23 dərəcəyədək isti təşkil edib.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, küləkli hava şəraiti oktyabrın 11-i gündüzədək davam edəcək. Oktyabrın 9-u günün ikinci yarısından 11-i axşamadək bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.