Növbəti ictimai dinləmələr keçirilib
03 Oktyabr 2023, 12:10
Qurumuş və qəzalı vəziyyətdə olan ağacların götürülməsi ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən ictimai dinləmələr keçirilib.
İctimai dinləmələr zamanı Abşeron, Xəzər, Suraxanı, Sabunçu, Binəqədi, Nəsimi və Səbail rayonlarının ərazisində olan müxtəlif ünvanlar üzrə qurumuş və qəzalı ağacların götürülməsi ilə bağlı müraciətlərə baxılıb.
Ekoloqların, QHT və KİV nümayəndələrinin, həmçinin digər maraqlı tərəflərin iştirakı ilə keçirilən ictimai dinləmələrdə yaşıllıqların götürülməsi, mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək işlər müzakirə edilib.
Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib ki, Agentliyə gün ərzində qurumuş ağacların köçürülməsi, götürülməsinə rəy verilməsi ilə bağlı yüzlərlə müraciət daxil olur.
“Müraciətlərin hamısına müsbət rəy verilmir. Qanunvericiliyə əsasən, götürülən ağacların yerində yeni tinglər əkilməli, verilən rəydəki öhdəliklərin hər biri yerinə yetirilməlidir. Qurumuş ağacların götürülməsi, xəstəliyə yoluxmuş ağacların isə xüsusi qaydada utilizasiyası, yerinin dərmanlanması lazımdır”.