Xəbərlər

Milli Təbiəti Mühafizə Planının hazırlanması üçün dövlət qurumları və QHT-lər bir araya gəlib

02 Oktyabr 2023, 19:10

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin birgə təşkilatçılığı ilə “Biomüxtəlifliyin qorunması və davamlı istifadəsi: idarəetmənin təkmilləşdirilməsi vasitəsilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi çərçivəsində seminar keçirilib.

Təbiəti Mühafizə Üzrə Milli Planın hazırlanması mövzusuna həsr olunan seminarın məqsədi Qafqaz ekoregionu üzrə daha böyük transsərhəd ekoloji şəbəkənin yaradılmasına və səmərəli idarə olunmasına dəstək göstərmək üçün milli səviyyədə tələb olunan tədbirlərin həyata keçirilməsinə yönəlib.

Milli Təbiəti Mühafizə Planının hazırlanması üçün dövlət qurumları, qeyri hökumət təşkilatları və digər maraqlı tərəflər bir araya gələrək gündəlikdə duran məsələləri müzakirə ediblər.

Tədbirin sonunda Milli Təbiəti Mühafizə Planının hazırlanmasına nəzarət etmək üçün ETSN-nin rəhbərliyi ilə İdarələrarası Əlaqələndirmə Komitəsinin yaradılması və bu Planın işlənib hazırlanması prosesinə texniki rəhbərlik və dəstəyi təmin etmək üçün çoxtərəfli Ekspert İşçi Qrupunun yaradılması qərara alınıb.