Azərbaycan-Türkiyə III Enerji Forumu keçirilib
29 Sentyabr 2023, 16:45
28-29 sentyabr tarixlərində Naxçıvan şəhərində Azərbaycan-Türkiyə III Enerji Forumu və “Naxçıvan-Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı baş tutub.
Forumun keçirilməsində əsas məqsəd iki ölkə arasında mövcud enerji əməkdaşlığının genişləndirilməsi, yeni imkanların və layihələrin reallaşdırılmasıdır.
Forum çərçivəsində keçirilən “Naxçıvan – Yaşıl enerji Zonası” adlı beynəlxalq konfransda ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev çıxış edərək, yaşıl enerjiyə keçidin bir sıra ekoloji məsələlərin həllində, xüsusilə, qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə, istixana effekti yaradan qaz emissiyalarının azaldılmasında vacib rolu olduğunu vurğulayıb.
O, həmçinin işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən "yaşıl enerji” zonası, “yaşıl” nəqliyyat, “ağıllı” şəhər yanaşmalarının tətbiqi, meşələrin bərpası ilə bağlı bir sıra məqamları diqqətə çatdırıb.