26 sentyabr - Qızılağac Milli Parkının yaranması günüdür
26 Sentyabr 2023, 11:25
Qızılağac Milli Parkı xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, bioloji müxtəlifliyin qorunub saxlanılması, təbii resurslardan səmərəli istifadə və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə Lənkəran, Masallı və Neftçala rayonlarının inzibati ərazilərində yaradılıb.
Milli parkın ərazisində su-bataqlıq, yarımsəhra və çəmənlik bitkiləri yayılıb. Rast gəlinən bitki növlərinə Xəzər şanagülləsi, ağ suzanbağı, üçyarpaq oxyarpaq, qamış, dəniz lığvəri, ciyən, duzlaq çoğanı, ətirli yovşan, qarağan, gəngiz, şahsevdi, sarıbaş; heyvan növlərinə isə su-bataqlıq quşları, çöl donuzu, canavar, gürzə və s. daxildir.
Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının III nəşrinə daxil edilən növlərə flaminqo, ağqaş qaz, adi göydimdik, mərməri ördək, çəhrayı qutan, ərsindimdik, kiçik qu quşu, adi bəzgək, boz durna, qırmızı çalağan, Kür siyənəyini misal göstərmək olar.
Milli Parkın ərazisindəki Böyük və Kiçik Qızılağac körfəzləri “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerləri haqqında” Ramsar Konvensiyasının Ramsar Siyahısına daxil edilmişdir və bu səbəbdən beynəlxalq əhəmiyyətli ərazi hesab olunur.
2019-cu ildə Qızılağac Milli Parkı “Mission Blue” təşkilatının beynəlxalq mühafizə kampaniyası çərçivəsində dünya sularının xilası üçün “ümid yeri” kimi seçilib.
2023-cü ilin qış sayğısı zamanı ölkə ərazisində 960 380 quş qeydə alınmışdır ki, onlardan 487 659 ədədi Qızılаğаc Milli Parkının payına düşür. Ötən illərlə müqayisədə bu göstəriciyə əsasən Qızılağac Milli Parkı ilk yeri tutur.