“Təmiz ölkəm” aksiyası çərçivəsində iməciliklər keçirilib
18 Sentyabr 2023, 11:35
Ümumrespublika təmizlik aksiyaları çərçivəsində 16 sentyabr Dübəndi qəsəbəsinin Xəzər dənizi sahilində, Araz çayının İmişli rayonundan, Göyçay çayının Göyçay rayonundan keçən hissəsində, Abşeron rayonunun Duz gölü ətrafında, Lənkəran şəhəri Bayraq meydanının yaxınlığında və Samux rayonunun Sarıqaya kəndi ərazisində iməciliklər keçirilib.
Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin yerli qurumlarının əməkdaşlarının, DOST mərkəzinin, Regional İnkişaf İctimai Birliyinin, Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin, Göyçay İcma İnkişaf Mərkəzinin, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, yerli kommunal müəssisələr kombinatlarının nümayəndələrinin, sakinlərin və könüllülərin iştirakı ilə keçirilən iməciliklər zamanı 3 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.
Təmizlik aksiyalarının keçirilməsində məqsəd hər kəsi istirahət edərkən tullantıları ətrafa atmamağa, təmizliyə riayət etməyə təşviq etmək, ictimaiyyətin diqqətini bu sahəyə çəkməklə ətraf mühitin qorunmasına nail olmaqdır.