Xəbərlər

16 sentyabr - Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günüdür

16 Sentyabr 2023, 09:00

Hər il 16 sentyabr dünyada Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günü kimi qeyd edilir. Alimlər, tədqiqatçılar bir araya gələrək ozon qatının dağılması kimi aktual ekoloji problemi müzakirə edir, onun həlli yollarını axtarırlar.

Ozon təbəqəsi atmosferin yuxarı hissəsi - stratosfer qatında yerləşmiş və insan fəaliyyəti nəticəsində tərkibində qazlı xlor və ya brom olan kimyəvi birləşmələrin istehlakı ilə əlaqədar tədricən incəlmişdir. Bu, ən çox qütb bölgələrində, xüsusən Antarktika üzərində özünü göstərir.

Ozon təbəqəsinin dağılmasının qarşısının alınması məqsədilə 22 may 1985-ci il tarixində Vyana Konvensiyası imzalanıb. 1986-cı ildən başlayaraq, indiyədək ozon-dağıdıcı maddələrin istehlakında qlobal miqyasda xeyli azalma əldə edilib. 16 sentyabr 1987-ci ildə də Vyana Konvensiyasının Monreal Protokolu imzalanıb və həmin tarixdən etibarən hər il bu gün Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günü kimi qeyd olunur.

Qeyd edək ki, bu il Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Gününün mövzusu “Ozon təbəqəsinin bərpası və iqlim dəyişmələri təsirinin azaldılması”dır.