Meşələrin İnkişafı Xidmətinin məlumatı
15 Sentyabr 2023, 09:10
Dünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları səbəbindən təəssüf ki, yüz minlərlə hektar meşə sahəsi məhv olur, yaşıllıqlar yanaraq külə dönür. Xüsusilə son illərdə planetdə daha geniş vüsət alan qlobal istiləşmənin fonunda meşə yanğınları daha tez-tez baş verir.
Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib ki, Azərbaycan da belə fəlakətlərdən sığortalanmayıb. Son 5 il ərzində ölkə ərazisinin meşə fondu torpaqlarında 197 yanğın hadisəsi baş verib, 1800 hektardan artıq sahədə yanğın hadisəsi olub. Təkcə 2022-ci il ərzində 66 yanğın hadisəsi qeydə alınıb və 870 hektara yaxın sahə yanğına məruz qalıb. 2023-cü ildə isə 33 yanğın hadisəsi baş verib və 25 hektar meşə ərazisi yanğına məruz qalıb.
C.Qəribovun sözlərinə görə, 2023-cü ildə ölkəmizdə yanğın hadisələrinin azalmasına səbəb aidiyyəti qurumlar arasında koordinasiyalı fəaliyyətin təşkili, meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə bölgələrdə kənd sakinləri və fermerlərlə aparılan maarifləndirici tədbirlər, FHN ilə birgə bölgələrdə keçirilən müşavirə və təlimlərin keçirilməsi, eyni zamanda meşə ərazilərində yanğın əleyhinə mineral zolaqların çəkilməsi, nəzarət postlarının sayının artırılmasıdır. Yanğın hadisələrinin azalmasının daha bir səbəbi isə yay mövsümündə yağıntılı günlərin sayının çox olmasıdır.
C.Qəribov yanğın hadisələrinin baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarları, fermerləri, meşə ətrafında yaşayan kənd sakinlərini, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşları odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, biçindən sonra sahələrə od vurmamağa, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa və yanğının böyük fəlakət olduğunu nəzərə alaraq buna səbəb olmamağa çağırıb.