Xəbərlər

Hava şəraiti haqqında məlumat

11 Sentyabr 2023, 17:55

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında sentyabrın 11-i axşamdan 13-ü gündüzədək arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 12-dən 15-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə leysan xarakterli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Mərkəzi-Aran, Qarabağ və Şərqi Zəngəzur zonası) yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Şərq küləyi əsəcək, arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin ərazisindən axan Göyçay, Girdimançay, Quba-Qusar bölgəsinin ərazisindən axan Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin ərazisindən axan Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ərazisindən axan Görançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.