Xəbərlər

Milli parklara bu ilin 8 ayında 200 mindən çox turist səfər edib

06 Sentyabr 2023, 18:15

Cari ilin 8 ayında ən çox turist qəbul edərək ilk üçlükdə yer alan milli parklarımız Göygöl, Abşeron və Şahdağ milli parklarıdır.

Bu müddət ərzində milli parklara 219 024 nəfər turist səfər edib. Parklara gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xarici vətəndaşlar da olub.

Qeyd edək ki, ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir.

Yay mövsümünün bitməsinə baxmayaraq qarşıdan bizi qızılı-sarı payız mövsümü gözləyir. Bu fəsildə hər kəs müxtəlif bölgələrimizi əhatə edən, əsrarəngiz təbiəti ilə heyrətləndirən milli parklarımıza səfər edə, həftə sonlarını, istirahət günlərini təbiət qoynunda keçirə bilərlər.