Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

17 Oktyabr 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-130, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Oktyabrın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 152 m3/s olmaqla ongünlük normanın 90 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm 144 m3/s olmaqla ongünlük normanın 85 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 17 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 96 m3/s olmaqla, ongünlük normanın 90 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici 121 m3/s təşkil edərək ongünlük normanın 113 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktyabrın 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Şirvanda 24, Salyanda 8, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma, Bankədə isə suyun səviyyəsində 1 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 293 sm (2013-cü il oktyabrın 17-də 327 sm), Şirvanda 131 sm (2013-cü il oktyabrın 17-də 178 sm), Salyanda 90 sm (2013-cü il oktyabrın 17-də 140 sm), Bankədə 160 sm (2013-cü il oktyabrın 17-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 27 sm (2013-cü il oktyabrın 17-də 96 sm) təşkil edir.