Xəbərlər

“Təmiz ölkəm” aksiyası çərçivəsində Şüvəlan qəsəbəsinin Xəzər dənizi sahili tullantılardan təmizlənib

02 Sentyabr 2023, 15:40

Artıq 3 aydan uzun müddətdir ki, davam edən təmizlik aksiyaları bu gün Şüvəlan qəsəbəsinin Xəzər dənizi sahilində davam edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Turizm Agentliyinin, Daxili İşlər Nazirliyinin əməkdaşlarının, Xəzər Rayon İcra Hakimiyyətinin, yerli bələdiyyə nümayəndələrinin, Azərbaycan Könüllü Təşkilatları İttifaqının könüllülərinin, sakinlərin və ekokönüllülərin iştirak etdiyi aksiya zamanı 3 hektar ərazi 800 kiloqramdan artıq tullantıdan təmizlənib.

Sevindirici haldır ki, ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək məqsədilə təşkil olunan təmizlik aksiyaları artıq ənənə halını almağa başlayıb, dövlət və özəl qurumların əməkdaşları, xüsusilə də gənclər böyük bir həvəslə bu aksiyalarda iştirak edirlər.

Bütün vətəndaşlarımıza çağırış edirik ki, təbiət ərazilərində istirahət etdikdən sonra tullantıları müəyyən olunmuş yerlərə atsınlar. Təbiətdə tullantılar deyil, ayaq izlərimiz qalsın!