Azərbaycan nümayəndə heyəti Qlobal Ekologiya Fondunun 7-ci Assambleyasında iştirak edib
28 Avqust 2023, 10:50
Kanadanın Vankuver şəhərində Qlobal Ekologiya Fondunun (GEF) 7-ci Asambleyası keçirilib. Ənənəvi olaraq dörd ildən bir baş tutan Assambleya bu il “Sağlam Planet, Sağlam İnsanlar” şüarı ilə keçirilib.
Tədbirin məqsədi qlobal səviyyədə ekoloji nailiyyətlərin əldə olunması naminə hökumət, özəl sektor, BMT təsisatları və ekoloji konvensiyaların nümayəndələri arasında müzakirələrin aparılmasıdır.
185 ölkənin təmsil olunduğu Assambleyanın işində ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
Plenar iclasda çıxış edən Vüqar Kərimov ölkəmizin ətraf mühit sahəsində siyasəti, son dövrdə həyata keçirilən fəaliyyətlər və növbəti illərdə icra olunması planlaşdırılan ekoloji layihələr barədə məlumatlar verib. Eyni zamanda, nazir müavini milli, regional və qlobal səviyyədə uğurlu nəticələr əldə etmək üçün regional və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, 1992-ci ildə təsis edilən GEF iqlim dəyişmələrinin təsirlərinin azaldılması, səhralaşmanın qarşısının alınması, bioloji müxtəlifliyin qorunması, kimyəvi maddələrin və tullantıların idarə olunması və beynəlxalq suların mühafizəsi kimi qlobal səviyyədə əhəmiyyətli fəaliyyətləri dəstəkləyir.