Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşları qəbul edib
25 Avqust 2023, 13:40
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 25 avqust 2023-cü il tarixində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında Naxçıvan şəhərinin, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının vətəndaşlarını qəbul edib.
Qəbuldan əvvəl nazir ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.
Görüş zamanı ətraf mühitin mühafizəsi, mineral xammal, biomüxtəliflik və işlə təmin olunma ilə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar onların müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.