"Xəzər üçün birgə” devizi altında təmizlik aksiyaları keçirilib
14 Avqust 2023, 12:10
"Xəzər üçün birgə” devizi altında Xaçmaz, Siyəzən, Şabran, Neftçala, Salyan, Lənkəran, Astara rayonlarının və Sumqayıt şəhərinin Xəzər sahilində təmizlik aksiyaları keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, tərəfdaş qurumların, sakinlərin və gənc könüllülərin dəstəyi ilə sahil ətrafı ərazilər 3 tondan artıq tullantıdan təmizlənib.
Hər kəsi “Xəzər üçün birgə” devizini əsas tutaraq mavi gözlü Xəzərimizin mühafizəsinə dəstək olmağa, sahil ərazilərini tullantılarla çirkləndirməməyə çağırırıq.
Qeyd edək ki, Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası 12 avqust 2006-cı il tarixində qüvvəyə mindikdən sonra hər il bu tarix “Xəzər günü” kimi qeyd olunur.