Xəbərlər

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

11 Avqust 2023, 15:05

"Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq” aksiyası çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba rayonunun Bad, Şəki rayonunun Baş Zəyzid, Qax rayonunun Şıxlar, Tovuz rayonunun Əyyublu kəndləri ərazisində vətəndaşların həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları və dəmir soba aşkar edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Quba rayon sakini Elşən Bayramov, Şəki rayon sakini Güləli Səmədov, Qax rayon sakini Məhəmməd Cəlilov, Tovuz rayon sakini Natiq İsmayılov olduğu müəyyən edilib.

“Faktlarla bağlı qanunsuz kömür istehsal edən şəxslər barəsində akt, protokol tərtib edilərək qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub”.

Ətraf mühitin qorunmasında vətəndaşların həlledici rola malik olduğunu nəzərə alaraq, bütün təbiətsevərlərdən kömür istehsal edilən ocaqxanalara, kömür quyularına rast gəldikdə Nazirliyin rəsmi sosial şəbəkə hesablarının mesaj qutusuna, 168 Çağrı mərkəzinə və info@eco.gov.az elektron poçt ünvanına məlumat vermələri xahiş olunur.

Xatırladaq ki, ətraf mühitin mühafizəsi, qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq” aksiyasına start verilib.