Xəbərlər

Həftəsonu Abşeron və Şahdağ milli parkını ziyarət edən turistlər üçün daha yaddaqalan olub

07 Avqust 2023, 16:10

 
5 avqust tarixində sağlam həyat tərzini və fəal istirahət mədəniyyətini təbliğ etmək, arzu edənlərin yoqanın müxtəlif istiqamətləri ilə tanış olmasına şərait yaratmaq məqsədilə Abşeron Milli Parkında “Günəşi salamlama” yoqa sessiyası keçirilib. Açıq səma altında təşkil edilən sessiya zamanı “Yoga Shahi” studiyasının təcrübəli müəllimi Qafar Qənizadə tərəfindən günəş enerjisi ilə zəngin yoqa nəfəs texnikası, sağlam həyat tərzi və şəxsi inkişaf mövzularında mühazirələr təşkil edilib.

Eyni zamanda Şahdağ Milli Parkının Şamaxı bölməsində sərgi keçirilib. Tanınmış qrafika ustası, qeyri-adi rəsmləri ilə sevilən, Azərbaycan Rəssamlar İttifaqının üzvü Hüseyn Mirtəqəvinin nadir sənət nümunələrindən hesab olunan faner üzərində cərrah bıçağı (neştər) ilə çəkdiyi portretlərdən ibarət sərgisi keçirilib.

Təbiətsevərlər isti yay mövsümündə ölkəmizin müxtəlif regionlarını əhatə edən, əsrarəngiz təbiəti ilə fərqlənən milli parklara gələrək istirahət edə, xoş gün keçirə bilərlər.