İqlim dəyişmələri üzrə Dövlət Komissiyasının fəaliyyət planının icrası ilə bağlı ölkədə maarifləndirmə tədbirləri həyata keçirilir.
01 Avqust 2023, 16:10
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı ilə Azərbaycanda iqlim dəyişmələrinə Milli Uyğunlaşma Planına dəstək çərçivəsində dövlət qurumlarının nümayəndələrinin bu sahədə bilik və bacarıqlarının artırılması məqsədilə Abşeron, Şabran, Xaçmaz və Quba rayonlarına səfərlər təşkil edilib.
Ekologiya və Təbii Sərvətlər, Energetika, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliklərinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Ailə, Qadın Və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə təşkil edilən səfər çərçivəsində Ceyranbatan və Taxtakörpü su anbarlarının iş rejimi və iqlim dəyişmələrinin yaratdığı çətinliklər barədə məlumatlar verilib. Eyni zamanda, səfər çərçivəsində Xaçmaz qadın resurs mərkəzində qadın sakinlərlə görüş keçirilib.
Tədbir iştirakçıları Quba Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yeni məhsul növlərinin yetişdirilməsi və Quba hidrometeoroloji stansiyasında 2022-ci ildə dövlət investisiya layihəsi çərçivəsində quraşdırılmış yeni nəsil avtomat meteoroloji stansiyanın fəaliyyəti ilə tanış olublar.
Səfər zamanı həmçinin, Quba Rayon İcra Hakimiyyətinin inzibati binasında yerli icmaların rəhbərləri və fermerlərlə görüş keçirilib. İqlim dəyişmələrinə adaptasiya istiqamətində maarifləndirmə xarakterli çıxışlar dinlənilib, müzakirələr aparılıb.