Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq!
31 İyul 2023, 16:40
Ətraf mühitin mühafizəsi, qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq” şüarı ilə yeni aksiyaya start verilib.
Layihənin əsas hədəfi ölkə ərazisində qeyri-qanuni yolla meşələrin ətrafında, yaşayış evlərinin yaxınlığında, həyətyanı sahələrdə ocaqxana qurub ağac kömürü istehsal edilməsinə qarşı nəzarət tədbirlərini intensivləşdirmək, geniş ictimaiyyətin diqqətini və dəstəyini ətraf mühitin mühafizəsi işinə yönəltməkdir.
Ətraf mühitin qorunmasında vətəndaşların həlledici rola malik olduğunu nəzərə alaraq, bütün təbiətsevərlərdən kömür istehsal edilən ocaqxanalara, kömür quyularına rast gəldikdə Nazirliyin rəsmi sosial şəbəkə hesablarının mesaj qutusuna, 168 Çağrı mərkəzinə və info@eco.gov.az elektron poçt ünvanına məlumat vermələri xahiş olunur. Anonimlik ETSN tərəfindən təmin olunur.