"Tullantısız Azərbaycan"
28 İyul 2023, 13:40
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Coca-Cola şirkəti və “EcoHub” qeyri-kommersiya platformasının birgə əməkdaşlığı ilə "Tullantısız Azərbaycan" adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycanda plastik tullantıların toplanması və təkrar emalını təşviq edən layihələrin nəticələri təqdim edilib, bu istiqamətdə görüləcək yeni təşəbbüslər haqqında məlumat verilib və ekoloji layihələrə fəal dəstək olan şirkətlər mükafatlandırılıb.
Təqdimat çərçivəsində Coca-Cola şirkətinin Avrasiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr direktoru Elşad Fərzəliyev çıxış edərək şirkətin qlobal "Tullantısız Dünya" strategiyasına uyğun olaraq Azərbaycanda icra olunan layihələr barədə məlumat verib və bu layihələrin icrasında səmərəli əməkdaşlıq edən tərəfdaşlara öz təşəkkürünü bildirib:
“Coca-Cola Azərbaycanda tullantıların azaldılması və qabaqcıl beynəlxalq təcrübəyə əsasən idarə olunmasını özünün sosial-ekoloji siyasətinin prioritetlərindən biri kimi görür. Bunun üçün biz həm Ekologiya və Təbii Sərvətlər Nazirliyi, tərəfdaş şirkətlər və ictimai təşkilatlarla geniş əməkdaşlıq edirik. ETSN-lə birgə dəstək olduğumuz “Xəzəri Qoruyaq!”, “Təmiz Ölkəm”, “HoReCa Collection”, “Sıfır Tullantı” kimi bir sıra layihələr nəticəsində Bakı və bölgələrdə plastik tullantıların yığımı və təkrar emalı təşkil edilib, əhali arasında geniş maarifləndirmə işi aparılıb. Bu istiqamətdə tərəfdaşlığı genişləndirməyin vacib olduğunu hesab edirik və Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “EcoHub” ekoloji platforması ilə yeni layihəyə başlayacağımıza çox şadıq”.
Daha sonra ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev çıxış edərək tullantıların düzgün idarə olunması sahəsində təkrar emal fəaliyyətinin dəstəklənməsinə maraq və diqqət göstərən bütün tərəfdaşlara təşəkkürünü bildirib.
Tədbirin sonunda icra edilən layihələrdə fəallıq göstərən tərəfdaşlar təltif olunub.