“Xəzər dənizinin ətraf mühitinin mühafizəsində gənc nəslin rolu” mövzusunda dəyirmi masa keçirilib
26 Sentyabr 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Xəzər həftəsi” ərəfəsində ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məqsədi ilə təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirilir.
26 sentyabr 2014-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Gənclər İttifaqının birgə təşkilatçılığı ilə Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində gənclərin və yeniyetmələrin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji maarifləndirilməsi və ictimaiyyətin Xəzərin ətraf mühitinin birgə mühafizəsinə cəlb olunması məqsədilə “Xəzər dənizinin ətraf mühitinin mühafizəsində gənc nəslin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Gənclər və orta məktəb şagirdləri ilə yanaşı ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi görüşdə “Beynəlxalq Dəniz günü”nün məqsədi, Xəzərin ekoloji problemlərinin həlli istiqamətində dövlətin həyata keçirdiyi uğurlu siyasət, qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına məlumat verilib və bu istiqamətdə gənc nəslin fəal rolundan danışılaraq, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının zəruriliyi diqqətə çatdırılıb.
Tədbir iştirakçılarına eyni zamanda, ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, su ehtiyatlarının idarə olunması, iqlim dəyişmələri, yaşıl iqtisadiyyat və davamlı inkişaf və s. mövzularda geniş informasiya verilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Dəyirmi masada ətraf mühit sahəsində mövcud problemlərin aradan qaldırılması məqsədilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin zəruriliyi bildirilib, dövlət orqanları ilə yanaşı qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin bu sahədə aktiv rolunun, əhali arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanıb.