Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndə heyəti Türkiyədə işgüzar səfərdə olub

14 İyul 2023, 15:00

Türkiyənin Ankara və Bursa şəhərlərində Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Orman Genel Müdirliyinin və Harita Genel Müdirliyinin rəsmiləri ilə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun başçılıq etdiyi nümayəndə heyəti arasında görüşlər keçirilib.

Ankara şəhərində keçirilən görüşlərdə Azərbaycan-Türkiyə/Qarabağ İşçi Qrupunun Tədbirlər Planı çərçivəsində Cəbrayıl rayonunda inşası planlaşdırılan “Azərbaycan-Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzi”, “Ağıllı Tinglik Təsərrüfatı” kompleksinin tikintisi ilə bağlı Türkiyə tərəfindən görüləcək işlər, Meşə Məlumat Sisteminin təkmilləşdirilməsi, Zəngilan rayonunda məsafədən zondlama üsulu ilə aparılmış meşə quruluşu layihələrinin hazırlanması ilə bağlı məsələlər müzakirə olunub.

Bursa şəhərində keçirilən görüş zamanı isə Azərbaycanın şimal-qərb bölgəsində şabalıd ağaclarında yayılan və karantin növ hesab edilən “qal arısı”na qarşı bioloji mübarizə üsullarının tətbiqində Türkiyə təcrübəsi öyrənilib.