Xəbərlər

Növbəti ictimai dinləmə Masallıda keçirilib

18 İyul 2023, 13:00

Sosial-infrastruktur və tikinti layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, müvafiq rəyin verilməsi və ictimaiyyətin məlumatlandırılmasına dair növbəti ictimai dinləmə Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən 14 iyul tarixində Masallı rayonunda keçirilib.

Viləşçay su anbarının II növbəsinin tikintisinin ətraf mühitə təsirlərinin qiymətləndirilməsi üzrə təşkil olunan tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrupun üzvləri, layihə icraçıları, ictimaiyyət və QHT nümayəndələri, aidiyyəti ekspert-mütəxəssislər iştirak edib.

Görüşdə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov layihənin sosial-iqtisadi əhəmiyyəti ilə yanaşı, ortaya çıxa biləcək ekoloji məsələlərə diqqət çəkib. O qeyd edib ki, ətraf mühitin qiymətləndirilməsi sənədindəki bütün standartlar nəzərə alınmalı, ekologiyaya təsir göstərən məqamlar tam şəkildə araşdırılmalı, aidiyyəti qurumlar və maraqlı tərəflərlə birgə qərar verilməlidir. Maraqlı müzakirə şəraitində keçən görüşdə tərəflərin də fikirləri səsləndirilib, qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin 2-ci hissəsində Masallı şəhəri, Heydər Əliyev prospekti ilə Qarabağ küçəsinin kəsişməsində 2 mərtəbəli, 10 mənzilli yaşayış binasının tikintisi üzrə layihənin ekoloji cəhətdən qiymətləndirilməsi məsələsi də müzakirə olunub. Xüsusilə yaşıllıqların saxlanılması ilə bağlı layihə icraçıları qarşısında müvafiq ekoloji tələblər irəli sürülüb.