Bakıda “Təbiət möcüzələri” adlı foto-sərgi açılıb
14 İyun 2023, 10:25
13 iyun 2023-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Macarıstanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Təbiət möcüzələri” adlı foto-sərgi öz işinə başlayıb.
Sərginin açılış mərasimində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, Macarıstanın ölkəmizdəki səfiri, diplomatik korpusun nümayəndələri və digər rəsmi qonaqlar iştirak edib.
Landmark otelində təşkil olunan sərgidə Azərbaycanın milli parklarından çəkilmiş füsunkar təbiət təsvirləri, Qarabağın əsrarəngiz təbiət nümunələri, o cümlədən Azərbaycanın zəfər rəmzi olan “Xarıbülbül”ün fotosu nümayiş olunub.
Sərgidə, eyni zamanda Macarıstan Təbiət Fotoqrafları Assosiasiyasının peşəkar təbiət fotoqrafiyası ilə məşğul olan fotoqrafları ən yaxşı fotoşəkillərini geniş auditoriya ilə bölüşmək imkanı qazanıb.
Müştərək sərginin təşkilində məqsəd Azərbaycan və Macarıstanın təbiət dəyərlərini və gözəlliklərini tərənnüm etmək, hər iki ölkənin nadir təbiət özəlliklərini tanıtmaq, mədəni irsin təbliği və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığı möhkəmləndirməkdir.
Qeyd edək ki, “Təbiət möcüzələri” adlı foto-sərgi 30 iyun tarixinədək davam edəcək.