Xəbərlər

Növbəti genişmiqyaslı təmizlik aksiyaları keçirilib

10 İyun 2023, 16:30

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, rayon icra hakimiyyətlərinin dəstəyi ilə növbəti təmizlik aksiyaları keçirilib.

ETSN-in, rayon gənclər və idman idarələrinin, yerli icra orqanlarının əməkdaşlarının və könüllülərin iştirakı ilə bu dəfə Xəzər dənizinin şimaldan cənuba doğru sahilboyu əraziləri, eyni zamanda respublikanın bir sıra bölgələrində çay sahilləri tullantılardan təmizlənib.

Bilgəh qəsəbəsi, Sumqayıt, Lənkəran şəhərləri, Neftçala və Şabran rayonlarının Xəzər dənizi sahillərində, Şəki rayonunun Zəyzid kəndindən keçən Zəyzid çayının kənarında, Goranboy rayonunun Ağcakənd qəsəbəsi ərazisindən keçən Qaraçay çayının sahillərində, eyni zamanda Şəmkir, Varvara su anbarlarının yaxınlığında keçirilən aksiyalar zamanı toplanmış plastik və digər tullantılar aidiyyəti üzrə daşınıb.

Təmizlik aksiyalarının keçirilməsində məqsəd sahilyanı ərazilərin daimi təmizliyini təmin etmək, təbiət ərazilərində əhali tərəfindən təmizliyə riayət olunmasını təbliğ və təşviq etmək, müəyyən olunmayan ərazilərə məişət tullantıları atılmasının qarşısını almaq və ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ətraf mühitin mühafizəsinə yönələn bu cür tədbirlərdə fəal iştirak etməyə, ətraf mühitə qayğı və həssas münasibət göstərməyə çağırır.