Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçında Şərqi Qafqaz turları və şahin quşlarının təbiətə, müxtəlif növ balıqların Həkəri çayına buraxılması mərasimində iştirak edib

29 May 2023, 12:00

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Laçın rayonunun ərazisində Şərqi Qafqaz turlarının və şahin quşlarının təbiətə, həmçinin işğaldan azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən artıq çəki, qızılbalıq və qızılxallı forelin Həkəri çayına buraxılması mərasimində iştirak edib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Əvvəlcə Prezident İlham Əliyevin iştirakı ilə ölkə ərazisində reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində rayonun ərazisinə boyunlarına xüsusi siqnalötürücü xaltalar bağlanmış Şərqi Qafqaz turları və şahin quşları təbiətə buraxıldı.

Məlumat verildi ki, Şərqi Qafqaz turları ölkəmizdə Böyük Qafqazın Cənub və Şərq yamaclarında daha geniş yayılıb. Əsasən dəniz səviyyəsindən 1000-3000 metr hündürlükdə yaşayan bu heyvanların sayı ölkəmizdə 7-8 min başdır. Şərqi Qafqaz turlarının fəallığı mövsümdən və yem bazasından asılı olaraq dəyişir. Vaxtilə bu heyvanlar Kiçik Qafqaz dağlarında yaşasalar da, sonradan həmin ərazidə nəsli tükənib.

Həmçinin qeyd olundu ki, adı “Qırmızı kitab”a düşən şahin quşları Qətərdən Azərbaycana gətirilib. Bundan əvvəl də 200-dək şahin quşu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qətər Dövlətinin Proqramı çərçivəsində ölkəmizin bioloji müxtəlifliyinin inkişafına dəstək məqsədilə Xızı, Siyəzən və Şabran rayonları ərazisində vəhşi təbiətə buraxılıb.

Dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olundu.