Öz əsrarəngiz təbiəti ilə göz oxşayan, yaşıllıqlar diyarı Samur-Yalama Milli Parkında "Beynəlxalq Biomüxtəliflik Günü" ilə əlaqədar düşərgə təşkil olunub.
23 May 2023, 13:00
Outofthewild və digər kampinq qruplardan ibarət təşkil olunan düşərgədə iştirakçılar təbiət qoynunda əyləncəli gün keçirib, maraqlı və intellektual oyunlar oynayıblar.
Təbiətlə canlı təmasa üstünlük verən qrup milli parkın ərazisində çadır qurub, səsli-küylü şəhər həyatından uzaqlaşaraq təbiət qoynunda dincəliblər.
Milli parkda təşkil olunan düşərgə zamanı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin mütəxəssisləri tərəfindən iştirakçılara xüsusi mühafizə olunan təbiət əraziləri, Samur-Yalama Milli Parkının fauna və flora aləmi barədə ətraflı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, düşərgə ekoloji turizmin inkişafı, insanlarda təbiətə daha çox maraq yaratmaq və onların ətraf mühitə qarşı qoruyucu məsuliyyətini artırmaq məqsədi ilə təşkil edilib.