Xəbərlər

May ayının 1-dən etibarən balıq ovuna tətbiq edilən ümumi moratoriumla bağlı maarifləndirmə işləri davam edir

12 May 2023, 13:00

Balıqçılıq haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq hər il aprel ayının 1-dən başlayaraq mərhələli şəkildə müvafiq su hövzələrindən balıq və digər su bioresurslarının ovuna qadağalar nəzərdə tutulub. Balıqların kürüləmə dövrü ilə əlaqədar isə may ayının 1-dən etibarən balıq ovuna tətbiq edilən ümumi moratorium qüvvəyə minir və sentyabr ayının 1-də başa çatır.

Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən 1 may - 30 iyun tarixləri ərzində Xəzər dənizində (gölündə) və dənizə axan bütün çaylarda, həmçinin Kür və Araz çayları ilə əlaqəsi olan bütün su hövzələrində balıq və digər su bioresurslarının idman və həvəskar ovu qadağandır.

Son bir həftə ərzində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları ilə birgə maarifləndirmə tədbirləri keçirilib.

Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri, Lənkəran və Xaçmaz rayonları akvatoriyasında, Kür çayında, Mingəçevir, Ağstafa, Şəmkir su anbarlarında və digər su hövzələrində balıq və digər su bioresurslarının idman və həvəskar ovu ilə məşğul olan şəxslər arasında söhbətlər aparılıb, onlara qanunvericiliyin tələbləri izah edilib və balıq ovuna qoyulmuş qadağalara əməl edilməsi tövsiyə olunub. Həmçinin, həmin ərazilərdə qadağanedici və məlumatverici lövhələr quraşdırılıb.

Eyni zamanda, həvəskar balıqçıların iştirakı ilə müxtəlif su hövzələrində balıqçılar tərəfindən tərk edilmiş balıq ovu alətləri ərazilərdən yığışdırılıb.